Bosniya və Herseqovinada yeni təhlükə?| Regional sabitlik riski artır

2025/04/GiZC3-1744627551.jpg
Oxunub: 1003     18:21     15 Aprel 2025    
Bosniya və Herseqovina 1990-cı illərdən etibarən ən ciddi siyasi böhranlarından birini yaşayır. Serb Respublikasının (RS) rəhbəri Milorad Dodikin ayrılma yönümlü siyasəti və beynəlxalq hüquqa meydan oxuyan davranışları ölkədəki kövrək tarazlığı təhdid edir.

Martın 27-də barəsində beynəlxalq axtarış qərarı çıxarılmasına baxmayaraq, Dodik Rusiyada prezident Vladimir Putinlə görüşərək açıq şəkildə Moskvanın dəstəyinə arxalandığını nümayiş etdirdi. Bu addım Balkanlardakı geosiyasi dinamikalara təsir potensialı daşısa da, Avropa İttifaqı (Aİ), Türkiyə və NATO-nun qətiyyətli mövqeyi və Rusiyanın məhdud imkanları Dodikin bu addımlarının təsirini məhdudlaşdırdı.

Hüquqi Prosesin Arxa Planı

Dodiklə bağlı hüquqi proses Birləşmiş Millətlər Təşkilatının (BMT) sülh nümayəndəsi Kristian Şmidtin qərarlarını yerinə yetirməkdən imtina etməsindən sonra başladı. Sarayevodakı Dövlət Məhkəməsi 26 fevralda Dodiki 1 il həbs və 6 il müddətinə dövlət vəzifələrindən məhrum etmə cəzasına məhkum etdi.

Serb Respublikasında Bosniya və Herseqovina dövlət institutlarının fəaliyyətini əngəlləyən qanunların qəbul olunması ilə birlikdə, Dodik və müttəfiqləri – NSRS sədri Nenad Stevandiç və RS Baş naziri Radovan Viskoviç barəsində əvvəl milli, sonra isə beynəlxalq axtarış qərarı verildi.

Bu müddət ərzində Dodikin Serbiya və İsrailə səfərləri, ardınca 31 martda Moskvada Putinlə görüşü beynəlxalq ictimaiyyətin tənqidinə səbəb oldu. 2 aprel tarixində Bosniyaya qayıdan Dodik, Macarıstan, Serbiya, Rusiya və Monteneqronun onu İnterpol qarşısında müdafiə etdiyini iddia etdi. Bu, onun strategiyasının həm daxili, həm də xarici aktorlara əsaslandığını göstərir.

Balkanlarda Rusiyanın Təsir Gücü

Dodikin Moskva səfəri, Rusiyanın Balkanlardakı təsir imkanlarını təhlil etmək baxımından əhəmiyyətli bir göstəricidir. Rusiya tarixən bu bölgədə Qərb əleyhinə siyasətləri dəstəkləmək üçün Dodik kimi fiqurlardan istifadə edib. Lakin Ukraynadakı müharibə və tətbiq olunan iqtisadi sanksiyalar, Moskvanın Balkanlarda nüfuzunu qoruma qabiliyyətini ciddi şəkildə zəiflətdi.

Dodikin ayrılma yönlü ritorikası, müstəqil sərhəd polisi, ordu və kəşfiyyat orqanı yaratmaq planları Dayton Sülh Müqaviləsini təhlükə altına alır. Lakin bu hədəflər, Rusiyanın maliyyə və logistik dəstəyi olmadan reallaşması çətin olan təşəbbüslərdir.

Bununla yanaşı, Serbiyanın mövqeyi də önəmlidir. Son dövrlərdə Belqradda baş verən tələbə etirazları və litium mədənçiliyinə qarşı çıxışlar Bosniyada yaşanan böhranla birbaşa bağlı deyil. Serbiya Avropa İttifaqına inteqrasiya prosesini təhlükəyə atmamaq üçün Bosniya və Herseqovinada qeyri-sabitlik yaratmaq siyasətindən uzaq durur.

Bosniya və Herseqovinanın Bütövlüyünün Əhəmiyyəti

Beynəlxalq ictimaiyyətin mövqeyi bu məsələdə olduqca aydındır. Aİ Dodikin ayrılma yönlü siyasətini qınadı, Fransa, Almaniya və İtaliya kimi üzv ölkələr Bosniyanın ərazi bütövlüyünə qarşı təhdidlərə qarşı birgə mövqe sərgilədi. NATO Baş katibi Mark Ruttenin Sarayevoya səfəri ittifaqın Bosniya və Herseqovinaya olan dəstəyini bir daha nümayiş etdirdi.

Aİ-nin hazırkı sanksiyaları Dodik və ətrafına qarşı daha geniş tədbirlərlə gücləndirilə bilər. Türkiyə Xarici İşlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Marko Rubionun martın 23-də Vaşinqtonda keçirdiyi görüşdə Bosniya və Herseqovinanın təhlükəsizliyi və ərazi bütövlüyünün danışıqlara açıq olmadığı vurğulandı. Türkiyə Bosniya müsəlmanlarının tarixi müttəfiqi olaraq, hərbi və diplomatik imkanları ilə regionda sabitliyin qorunmasında mühüm rol oynayır.

Dodikin Moskva səfəri simvolik bir çağırış kimi dəyərləndirilə bilər, lakin praktikada bu addımın Balkanları dəyişdirmə gücü məhduddur. Əgər İnterpol beynəlxalq axtarış qərarını aktivləşdirərsə, Dodikin hərəkət imkanları daralacaq; ya Bosniyada qalmaq, ya da Moskvaya sığınıb daxili nüfuzunu itirmək kimi bir seçimlə üz-üzə qalacaq.

Regional İttifaqlar və Sabitliyin Qorunması

Rusiyanın zəifləyən təsiri və Serbiyanın neytral mövqeyi Dodikin siyasi manevr imkanlarını azaldır. Eyni zamanda Aİ, NATO və Türkiyənin koordinasiyalı səyləri Bosniya və Herseqovinanın birliyini qoruma istiqamətində güclü bir ittifaq yaradıb. Türkiyənin strateji mövqeyi Bosniya və Herseqovinanın təhlükəsizlik memarlığında getdikcə daha çox ön plana çıxır və bu da Dodikin fəaliyyətinə qarşı çəkindirici bir amil rolunu oynayır.

Nəticə

Dodik riskli strategiyası ilə qısamüddətli perspektivdə Serb Respublikasındakı tərəfdarlarını səfərbər edə bilər, lakin uzunmüddətli ayrılma planlarını həyata keçirmək üçün kifayət qədər xarici dəstəkdən məhrumdur. Aİ-nin davamlı dəstəyi və Türkiyənin fəal rolu Bosniyada sülhün qorunması istiqamətindəki səyləri gücləndirir. Balkanlardakı sabitlik Dodikin şəxsi təşəbbüslərindən çox, beynəlxalq ictimaiyyətin iradəsinə və ortaq mövqeyinə bağlı olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya   Herseqovina  


Bizi "telegram"da izləyin